Manuel Noyer DÇ-də daha bir tarixi göstəriciyə imza atdı

Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatları tarixində keçirdiyi oyunların sayına görə ən yaxşı beş futbolçu sırasına yüksəlib.

Arena.az xəbər verir ki, 40 yaşlı qolkiper DÇ-2026-nın 1/16 final mərhələsində Paraqvaya qarşı oyuna start heyətində çıxmaqla mundiallardakı 23-cü matçını keçirib.

Bununla da Noyer bu göstəricidə İtaliya futbolunun əfsanəsi Paolo Maldiniyə çataraq dünya çempionatları tarixində ən çox oyun keçirən futbolçular siyahısında beşinci pilləni bölüşür.

Hazırda rekord Argentina millisinin kapitanı Lionel Messiyə məxsusdur. O, dünya çempionatlarında 29 oyuna çıxıb. Sonrakı pillələrdə hərəyə 25 matçla Portuqaliya yığmasının ulduzu Kristiano Ronaldo və Almaniya futbolunun əfsanəsi Lotar Matteus qərarlaşıblar. İlk “dördlüyü” isə 24 oyunla daha bir alman futbolçu Miroslav Kloze tamamlayır.

2011-ci ildən “Bayern”in formasını geyinən Manuel Noyer klub səviyyəsində 13 Bundesliqa, 6 Almaniya Kuboku, 7 Almaniya Super Kuboku, 2 UEFA Çempionlar Liqası, 2 UEFA Super Kuboku və 2 klublararası dünya çempionatı tituluna sahibdir.

Təcrübəli qapıçı Almaniya millisinin heyətində isə 2014-cü ildə dünya çempionu olub, 2010-cu il mundialında isə bürünc medal qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: