Manuel Noyer: “Tomas Müller ən yaxşı dostumdur”

“Bayern”in alman qapıçısı Manuel Noyer klub və milli komanda yoldaşı, hücumçu Tomas Müller haqqında danışıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, Müllerin bu barədə fikirlərini təqdim edir:

“Yəqin ki, ən çox kiminlə oynadığımı bilirsiniz – Tomas Müller. Onunla heç vaxt darıxdırıcı deyil, hətta kart masamızda belə. Onun yanında olmaq gözəldir. Demək olar ki, eyni yaşdayıq və artıq birlikdə çox şey yaşamışıq. Biz nəinki meydanda çoxlu döyüşlər keçirmişik, həm də futbol meydanından və məşq meydançasından kənarda da çox vaxt keçiririk”, deyə Noyer bildirib.

Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı “Bayern”də 2011-ci ilin iyulundan çıxış edir. Manuel “Bayern”ə 30 milyon avro qarşılığında elə, “Şalke”dən transfer edilib. Noyerin münhenlilərlə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.

Cari mövsümdə Noyer “Bayern”in heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol buraxıb, 8 oyunda qapısının toxunulmazlığını təmin edib. Xatırladaq ki, Noyer 2022-ci ilin noyabrında aldığı zədə səbəbilə 1 ilə qədər yaşıl meydanlardan uzaq qalmış, bərpa olaraq əsas heyətə qayıtmağı bacarmışdı.

Noyer futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub. “Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.

Noyer hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub. Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 37 yaşlı alman qapıçının transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: