Maqomedxan Maqomedov Parisdə yarımfinala vəsiqə qazandı

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşıb.

Təmsilçimiz 7:2 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

Maqomedov yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə üz-üzə gələcək. Yarımfinal qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:15-dən etibarən keçiriləcək.

Xatırladaq ki, Maqomedxan Maqomedov Olimpiadaya 1/8 finaldan başlayıb. O, startda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib və 9:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Daha öncə cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Boksçu Alfonso Dominqes də Olimpiadakı gümüş medalla başa vurub. Güləşdə isə yeganə medalımızı Həsrət Cəfərov (67 kq) qazanıb. O, Olimpiadada bürünc medal əldə edib.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: