Mareska: “Hər oyunda Palmerin çiyinlərinə arxalana bilmərik”

“Çelsi”nin baş məşqçisi Entso Mareska bildirib ki, meydandakı rəqibləri yarımmüdafiəçi Koul Palmerlə şəxsən məşğul olmağa başlayıblar.

Arena.az “Çelsi”nin rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Koul üçün növbəti addım – bu məqamı idarə etməyi öyrənməkdir, çünki əksər komandalar ona qarşı şəxsi qorumadan istifadə etməyə çalışırlar, bu, onun üçün çətindir. Əgər siz məyus olub əsəbləşirsinizsə, diqqətinizi azacıq itirirsiniz. Əminəm ki, o, oyundan-oyuna bunu daha da yaxşı başa düşəcək, meydanda şəxsən izləniləndə necə hərəkət edəcəyini anlayacaq.

Həllərimdən biri Joao Feliksin və Joao ilə birlikdə Palmerin oynadılması ola bilərdi. Ötən gün biz Koul ilə davam etdik, çünki onun, topu qazanaraq nəsə yarada bildiyi vaxtlar olurdu.

Əlbəttə, Koul bizə qol və ötürmə baxımından çox kömək edir, amma mən dəfələrlə oyunlardan sonra demişəm ki, Palmer və Nikolas (Cekson) sadəcə qol vurmurlar. Onlar öz təpkiləri, fəallıqları ilə bizə çox kömək edirlər. Əvvəldən demişəm ki, biz hər oyunda Koulun çiyinlərinə arxalana bilmərik”, deyə Mareska vurğulayıb.

Koul Palmer “Mançester Siti”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz “Mançester Siti”dən keçib. Palmerin London təmsilçisi ilə müqaviləsinin müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 19 oyuna çıxıb, 11 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Palmer “Çelsi”nin heyətində ümumilikdə 64 oyun keçirib, 36 qol vurub, 21 məhsular ötürmə verib.

Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

Palmer İngiltərənin U-21 yığması ilə Avropa çempionu (2023) olub. O, “Mançester Siti” ilə də UEFA Çempionlar Liqasını (2022/2023), İngiltərə Premyer Liqasını (2021/2022, 2022/2023), UEFA Super Kubokunu (2023/2024), İngiltərə Kubokunu (2023), İngiltərə Liqa Kubokunu (2021) qazanıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: