“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın 26 yaşlı ispan sol cinah müdafiəçisi Mark Kukurelya haqda fikir paylaşıb.
Arena.az italiyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mark “Çelsi” üçün çox vacib oyunçudur. Onda başqa oyunçularda tapmılması çətin olan bir xüsus var. O, yaxşıdır və ətrafındakı oyunçuları da daha yaxşı edir, çünki o, həmişə tələbkar bir oğlandır. Komandada Mark kimi daim inkişafa köklənmiş beş, altı və ya yeddi oyunçunun olması çox vacibdir. Ona görə də ondan çox razıyam”, deyə Mareska futbolçusunun ünvanına tərif yağdırıb.
Xatırladaq ki, Mark Kukurelya “Espanyol” və “Barselona” klublarının yetirməsidir. 26 yaşlı sol cinah müdafiəçisi vaxtilə Kataloniya təmsilçisinin əsas komandasında cəmi 1 oyuna çıxıb. O, İspaniyada “Xetafe” və “Eybar”ın da formasını geyinib. 2021-ci ildə “Xetafe” Kukurelyanı 18 milyon avro qarşılığında İngiltərənin “Brayton” klubuna satıb. 2022-ci ilin avqustunda isə “Çelsi” 65,3 milyon avro ödəməklə ispan müdafiəçini heyətinə qatıb.
Mark Kukurelyanın “zadəganlar”la müqaviləsi 2028-ci ilin iyunun sonuna qədər qüvvədədir.
Kukurelya cari mövsümdə “zadəganlar”ın heyətində 6 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Mark London klubunun heyətində bütövlükdə 65 oyuna çıxıb, 1 qol və 4 assist müəllifi olub.
Mark Kukurelya 2021-ci ilin iyun ayında debüt etdiyi İspaniya milli komandasının heyətində 11 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. O, bu il milli komanda ilə AÇ-2024-ün qalibi olub. Kukurelya 2021-ci ildə İspaniyanın Olimpiya yığmasının heyətində Olimpiadanın da qalibi olub. Müdafiəçi “Barselona” ilə də İspaniya Kubokunu (2017/2018) qazanıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı Mark Kukurelyanı 30 milyon avro məbləğində qiymətləndirir.