Marinos Uzunidis: “Bakıda bizi nə gözlədiyini bilirik”

“Aris”in baş məşqçisi Marinos Uzunidis Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Araz-Naxçıvan”la oyunundan gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Yunanıstan klubları arasındakı ilk qarşılaşma sabah Bakıda keçiriləcək.

Marinos Uzunidis bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, Bakıya ilk səfərim deyil. Daha əvvəl “Qəbələ” ilə oyun üçün buraya gəlmişdim. Futbolçularım ilk dəqiqələrdən oyuna ciddi yanaşmalıdır. Sabah bizi çətin oyun gözləyir. “Araz-Naxçıvan”ın ötən mövsümdən bir neçə oyununu və bu mövsümdən öncə keçirdiyi iki yoxlama matçını izləmişik. Bizi nəyin gözlədiyini bilirik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Növbəti mərhələyə vəsiqə üçün sabah üstünlük əldə etmək istəyirik.

Heyət demək olar ki, müəyyənləşdirilib. Bir neçə oyunçu ilə fərdi söhbət aparmışam. Komandada hamı hazır deyil. Kollektivə gec qoşulanlar var. Təcrübəsi və keyfiyyəti olan futbolçulara üstünlük verəcəyik. Hamı meydanda tam gücünü qoymalıdır.

“Araz-Naxçıvan” haqqında kifayət qədər məlumatımız var. Onların oyunlarına baxmışıq. Lazım olan məlumatları əldə etmişəm. İndiki dövrdə futbolla bağlı istədiyin hər şeyi tapa bilərsən. Əminəm ki, rəqib də bizim haqda lazım olan məlumatları əldə edib”.

Marinos Uzunidis Azərbaycan futbolu haqqında məlumatlı olduğunu da vurğulayıb:

“Qarabağ”ı avrokuboklarda hər il görürük. “Neftçi” haqda məlumatım var. Azərbaycan klublarının səviyyəsi getdikcə artır. 15-20 il əvvəllə müqayisədə keyfiyyətli legionerlər transfer edilir. “Araz-Naxçıvan”ın özündə kifayət qədər əcnəbi oyunçu var. Bu da onu göstərir ki, klublar yerlərində dayanmır, inkişaf edirlər, daha yaxşı nəticələr əldə etməyə çalışırlar.

“Araz-Naxçıvan” avrokuboklarda ilk dəfədir ki, iştirak edir. Baş məşqçi orada çox yaxşı iş görüb. Komanda intizamlıdır, rəqibin müdafiəsini yarmağı yaxşı bacarır. Biz isə fərqli çıxış edirik. Öz çempionatımızda dominant futbol oynamağa çalışırıq”, deyə Marinos Uzunidis bildirib.

“Aris”in finlandiyalı yarımmüdafiəçisi Fredrik Yensen də qarşıdakı matçla bağlı fikirlərini bölüşüb:

“Dünən bizim üçün çətin gün oldu. Bu gün son məşqimizi edəcəyik. Sabah bizi maraqlı oyun gözləyir. Səbirsizliklə həmin matçı gözləyirik. Əlbəttə, gözləntimiz qələbədir. Bu, ən vacib məqamdır. Çətin oyun olacağını bilirik. Komanda olaraq bu matça hazırıq. Sabah buradan pozitiv nəticə ilə ayrılmaq istəyirik. Hazırlıq prosesini yaxşı dəyərləndirirəm. Həm köhnə, həm də yeni oyunçularımız var. Sabahkı oyunda savaşmalıyıq, bir-birimizə kömək etməliyik”.

Xatırladaq ki, sabah “Dalğa Arena”da baş tutacaq “Araz-Naxçıvan” – “Aris” matçına saat 20:00-da start veriləcək. Tərəflər arasındakı cavab görüşü isə gələn həftə Yunanıstanda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: