İtaliya yığmasının sabiq hücumçusu, “Adana Dəmirspor”un futbolçusu, dəli-dolu xasiyyətli Mario Balotelli avtomobil qəzasına düşüb.
Arena.az bu barədə “Corriere dello Sport” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, qəza noyabrın 23-də İtaliyanın Breşiya şəhəri yaxınlığında baş verib. 33 yaşlı futbolçu səndələyərək avtomobilindən düşüb. Qəza anında avtomobilin bütün təhlükəsizlik yastıqları işə düşərək, futbolçunun həyatını təhlükədən xilas edib. Balotelliyə tibbi yardım göstərilib və futbolçu spirtli içki üzrə yoxlamadan keçirilib.
Hazırda “Adana Dəmirspor”da çıxış edən Balotelli ötən mövsümü “Syon”da keçirib. İtaliyalı hücumçu İsveçrə klubuna 2022-ci ilin avqustunda elə, “Adana Dəmirspor”dan keçib, cari ilin sentyabrında isə sərbəst transferlə Türkiyə klubuna qayıdıb. Balotellinin “Adana Dəmirspor”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ümumilikdə Balotelli “Syon”un heyətində 19 oyuna çıxıb, 6 qol vurub. Cari mövsümdə isə Mario “Adana Dəmirspor”un heyətində 5 oyun keçirib, 3 qol vurub.
Hücumçu əvvəllər “Montsa”, “Breşiya”, “Olimpik” (Marsel), “Nitsa”, “Liverpul”, “Milan”, “Mançester Siti” və “İnter”də də çıxış edib.
Mario Balotelli 2010-cu ilin avqustunda debüt etdiyi İtaliya yığmasının heyətində 36 oyun keçirib, 14 qol vurub, 5 məhsuldar ötürmə verib.
Xatırladaq ki, Balotelli əsasən pis xasiyyəti ilə tanınır. O, demək olar ki, hər klubda komanda yoldaşları və məşqçiləri ilə münaqişələr yaşayıb. Meydandan kənarda onun başına daim qalmaqallı və ya gülməli hadisələr gəlir. Mario meydanda da tez-tez sarı vərəqələr almağa, hakimlə dilləşməyə və oyundan qovulmağa meyllidir.
Həmçinin futbol mütəxəssisləri Balotellini bir futbolçu kimi təhlil edərkən, onun istedadını və oyun potensialını kifayət qədər tərəqqi etdirə bilmədiyi haqda yekdil qənaətə dayanırlar.
“Transfermarkt” internet-portalı 33 yaşlı Mario Balotellini 1,20 milyon avro məbləğində qiymətləndirir.


