Mario Balotelli və Yusuf Erdoğan “Adana Dəmirspor”dan ayrıldılar

“Adana Dəmirspor”un daha iki futbolçusu – Mario Balotelli və Yusuf Erdoğan da Türkiyə klubundan ayrılmağa qərar veriblər.

Arena.az xəbər verir ki, ciddi maliyyə problemləri olan Super Liqa təmsilçisində mövsümün gedişində pulunu ala bilməyən bir neçə futbolçu müqaviləsinə birtərəfli qaydada xitam vermişdi.

Onların sırasında daha iki oyunçu qoşulub. Balotelli sosial şəbəkə hesabında Türkiyə klubundan ayrıldığını açıqlayıb. O, “Adana Dəmirspor”la vidalaşıb. Halbuki, Marionun Adana təmsilçisi ilə müqaviləsini daha bir il artırmaqla bağlı razılığı var idi.

Türkiyə mətbuatının yazdığına görə, Yusuf Erdoğan da klubdan alacaqları aylarla gecikdiyi üçün müqaviləsinə xitam verib. Onun klubla müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa qədər idi.

Qeyd edək ki, bu mövsüm Super Liqa klubunda 16 matça çıxan Balotelli 936 dəqiqə meydanda qalıb və 7 qol, 1 məhsuldar ötürmə edib.

Yusuf isə cari mövsümdə 40 rəsmi matça çıxıb. 31 yaşlı türkiyəli futbolçunun hesabında 7 qol və 4 məhsuldar ötürmə var.

2023-cü ilin yanvarından “Adana Dəmirspor”un uğurları üçün çalış Erdoğan, bu komandada bütövlükdə 45 oyun keçirib, 7 qol və 4 assistlə yadda qalıb. O, əvvəllər “Trabzonspor”, “Kasımpaşa”, “1461 Trabzon”, “Bursaspor” və “Araklıspor”da da forma geyinib.

Mario Balotelli isə 2021-ci ilin iyulunda üz tutduğu “Adana Dəmirspor”u 2022-ci ilin avqustunda İsveçrə “Sion”una dəyişmiş, 2023-cü ilin sentyabrında yenidən Türkiyə təmsilçisinə qayıtmışdı. Balotellinin Adana klubundakı karyerası bütövlükdə 51 oyun, 26 qol və 8 assistdən ibarətdir.

İtaliyalı futbolçu karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Nitsa”, “Liverpul”, “Breşiya”, “Olimpik” (Marsel), “Montsa” və “Lumessane” kimi klubların da formasını geyinib.

Sonda onu da qeyd edək ki, “Adana Dəmirspor”da Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev də çıxış edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: