Türkiyə Super Liqasında 2023/2024 mövsümünə çox uğursuz başlamış “Qaziantep” komandasını bundan sonra Marius Şumudiça çalışdıracaq.
Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 52 yaşlı rumıniyalı mütəxəssis sentyabrın 7-də Qaziantepə gedərək klub rəhbərliyi ilə son detalları müzakirə edəcək. O, bu postda Erdal Günəşi əvəzləyəcək. Hansı ki, o, komandanın yeni mövsümə çox uğursuz başlaması səbəbindən ötən gün istefaya göndərilib. “Qaziantep” bu mövsüm keçirdiyi 4 matçın hamısından məğlub ayrılıb və turnir cədvəlində 20 iştirakçı arasında sonuncudur.
Xatırladaq ki, Marius Şumudiça son olaraq Səudiyyə Ərəbistanında “Əl-Raed” komandasına rəhbərlik edib. O, sözügedən klubdan bu ilin iyununda ayrılıb.
Şumudiça 2019-2021-ci illər aralığında da “Qaziantep”in “sükanı arxasında” çalışıb. O, həmin vaxt bu komandanı 51 oyuna çıxarıb – 20 qələbə, 19 heç-heçə, 12 məğlubiyyət.
Rumın məşqçi daha öncə Türkiyədə “Rizəspor”, “Kayserispor” və “Yeni Malatyaspor”u da çalışdırıb.
“Qaziantep” heyətinə yeni oyunçular da cəlb edib. Belə ki, Super Liqa təmsilçisi Ukraynanın “Metallist” klubundan hücumçu Brayan Riaskosu satınalma şərti ilə icarəyə götürüb. Kolumbiyadan olan 28 yaşlı forvard karyerası ərzində çoxlu klub dəyişməsi ilə seçilir.
Yunanıstanın “Aris” (Saloniki) klubunun sağ cinah müdafiəçisi Salem M’Bakata da “Qaziantep”ə keçib. 25 yaşlı konqolu futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Türkiyə klubu onun üçün yunanlara 250 min avro ödəyib.
Şotlandiya “Seltik”inin hücumçusu Albian Ayeti də “Qaziantep”ə keçib. 26 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Türkiyə təmsilçisi onun transfer üçün şotlandlara 585 min avro ödəyib. Karyerası ərzində “Bazel”, “Auqsburq”, “Sankt Qallen”, “Vest Hem” və “Şturm Qraz” kimi klublarda oynamış Ayeti İsveçrə yığmasında 11 oyuna 1 qol vurub.
“Yeni Malatyaspor”un dayaq yarımmüdafiəçisi Ogün Özçiçək də “Qaziantep”ə keçib. 24 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb.
Qaziantep təmsilçisinin sol cinah vingeri Anxelo Saqal da “Apollon”a keçib. Çildən olan 30 yaşlı futbolçu komandanı azad agent kimi tərk edib. O, Türkiyə təmsilçisində 51 oyuna 6 qol vurub, 3 assist edib.


