Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünü keçirib. Arena.az xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançımız qızıl medal uğrunda görüşdə ukraynalı Oksana Livaçla üz-üzə gəlib.
Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik 9-cu dəfə Avropa çempionu olub.
Ukrayna əsilli güləşçimiz ötən gün təsnifat mərhələsində türkiyəli Evin Demirhana tam üstünlüklə qalib gəlmişdi – 14:4. Millimizin lideri fransalı Jüli Sabatyeni 9:3 hesabıyla məğlub edərək yarımfinala yüksəlmişdi. Stadnik final yolunda polşalı Ana Lukasyakla güləşmiş və inamlı qələbə (9:0) qazanaraq 9-cu dəfə Avropa çempionatının finalına yüksəlmişdi.
Xatırladaq ki, Mariya Stadnik daha əvvəl 2 dəfə dünya çempionu da olub. 34 yaşlı idmançı Olimpiya Oyunlarında da 2 gümüş, 2 bürünc medal qazanıb.
55 kq-da Elnurə Məmmədova və 59 kq-da Alyona Kolesnik isə 3-cü yer uğrunda görüşlərdə uduzaraq, medalsız qalıblar.
Elnurə Məmmədova ötən gün təsnifat mərhələsində litvalı Laura Staneliteni vaxtından əvvəl üstələmişdi – 13:3. Həmyerlimiz 1/4 finalda rumıniyalı Avropa çempionu Andrea Ana ilə qarşılaşmış və güclü rəqibinə müqavimət göstərə bilməmişdi – 0:11. Ana finala yüksəldiyi üçün Məmmədova 3-cü yer uğrunda güləşmək hüququ qazanmışdı. Lakin Elnurə polşalı Katarjina Kravçiklə görüşdən də məğlub (0:9) ayrılaraq debüt etdiyi Avropa çempionatını 5-ci pillədə başa vurub.
Mübarizəyə 1/4 finaldan qoşulan Alyona Kolesnik (59 kq) italiyalı Morena de Vitanı “tuş”la məğlub etmişdi. Kolesnik yarımfinalda ukraynalı dünya və Avropa çempionu Yuliya Tkaça müqavimət göstərə bilməmişdi – 0:10. Alyona bu gün bürünc medal uğrunda almaniyalı Sandra Paruşevskiylə güləşib və 1:3 hesabıyla məğlub olub.
Daha əvvəl sərbəst güləşçilər 6 medalla komanda hesabında Avropa çempionu olublar. Qitə birinciliyinə aprelin 23-də yekun vurulacaq.


