Mark-Andre ter Ştegen əməliyyat edilə bilər

“Barselona”nın alman qapıçısı Mark-Andre ter Ştegen şiddətli bel ağrıları yaşamaqda davam edir və vəziyyəti getdikcə pilşəşir.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Ter Ştegen “Barselona”nın son üç oyunun buraxmalı olub. Hazırda Kataloniya klubunun tibbi xidməti təcili olaraq həll yolu aramağa başlayıb.

Tibbi heyət bir neçə seçim təklif eidr. Bunlardan biri ilk növbədə, ağrının təbii şəkildə azalmasına imkan vermək üçün qapıçının futboldan bir neçə həftəlik fasilə verməsi və istirahətinə diqqət yetirməsidir. Amma bu, sonradan yarana biləcək oxşar rahatsızlıqları istisna etmir. Həkimlərin üstünlük verdiyi başqa bir seçim isə fəqərələr arasında təzyiqi aradan qaldırmaq üçün cərrahi əməliyyatdır. Bu halda bərpa müddəti dörd-altı həftəni nəzərdə tutur.

Xatırladaq ki, Ter Ştegen noyabrda beynəlxalq fasilə zamanı Almaniya yığmasının düşərgəsində ikən bel ağrıları keçirib və müayinə üçün dərhal Barselonaya dönüb.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının yetirməsidir. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyulunda 12 milyon avro müqabilində “Barselona”ya keçib.

Cari mövsümdə Ter Ştegen “Barsa”nın heyətində 17 oyuna 15 qol buraxıb, 8 oyunda isə qapısının toxunulmazlığını təmin edə bilib. Alman qapıçı “Barselona”nın heyətində ümumilikdə 394 oyun keçirib, 383 qol “yeyib” və 165 oyundan “quru” qurtulub.
Ter Ştegen “Barselona” ilə 5 dəfə İspaniya Liqasının, 5 dəfə İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Ter Ştegen 2012-ci ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 38 oyuna 47 qol buraxıb, 11 “quru” oyun keçirib. Ter Ştegen Almaniya yığması ilə 2017 Konfederasiyalar Kubokunun qalibi, həmçinin U-17 və U-19 yığmalarının heyətində Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı Mark-Andre ter Ştegeni 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: