Futbol üzrə Almaniya yığmasının və İspaniyanın “Barselona” klubunun qapıçısı Mark-Andre ter Ştegen bu yay keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcək.
Arena.az xəbər verir ki, bunu 29 yaşlı qolkiper sosial şəbəkə hesabında açıqlayıb.
O, yaxın günlərdə dizindən əməliyyat olunacağını bildirib. Buna Kataloniya təmsilçisinin həkimləri qərar veriblər. Ter Ştegen bərpa prosesinin uzun sürəcəyini və bu üzdən Avropa çempionatını buraxacağını bildirib. Təcrübəli qolkiper buna görə məyusluğunu gizlətməsə də, azarkeşlik edəcəyi Almaniya yığmasının AÇ-2020-nin qalibi olacağına əminliyini ifadə edib.
Mark-Andre ter Ştegen bu mövsüm “Barselona”nın heyətində bütün turnirlər nəzərə alınmaqla 42 oyuna çıxıb. O, 2014-cü ildən Kataloniya təmsilçisinin uğurları üçün çalışır.
Qeyd edək ki, AÇ-2020 11 iyun – 11 iyulda Avropanın 11 şəhərində keçiriləcək. Qitə birinciliyinə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.


