Mark-Andre Ter Ştegen haqqındakı şayiələri cavabladı

“Barselona”nın 33 yaşlı alman qapıçısı Mark-Andre Ter Ştegen “baluqrana”dan ayrılacağı haqda şayiələri cavablayıb.

Arena.az jurnalist Kerri Hauya istinadən, alman qapıçının müvafiq açıqlamasını təqdim edir:

“Mənimlə kimsə danışmayıb. Mən növbəti ildə də “Barselona”da olacağımı bilirəm. “Barsa” – ən nəhəng klublardan biridir, rəqabət isə – adi təzahürdür. Mənim üçün vəziyyət dəyişməyəcək. Mən çox gənc, hərəki və həris komanda ilə növbəti mövsümün səbirsizliklə intizarındayam”, deyə Ter Ştegen vurğulayıb.

Xatırladaq ki, təcrübəli qapıçı “Barselona”nın İspaniya La Liqasının 6-cı turu çərçivəsində “Vilyarreal”ı 5:1 hesabı ilə məğlub etdiyi səfər oyununda ağır zədələnib. Daha sonra alman qapıçı uğurla cərrahi əməliyyat edilib, ardınca isə sağlama və bərpa mərhələsinə baş vurub. Qapıçı zədədən bərpa səbəbilə mövsümün böyük hissəsini iş başında olmayıb.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının yetirməsidir. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyul ayında 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

2024/2025-ci illər mövsümündə Ter Ştegen “blauqrana” üçün 9 oyun keçirib, 11 qol buraxıb, 1 oyunda “çərçivə”sini qoldan qoruya bilib.

Alman qapıçının “Barselona”dakı çıxışının ümumi mənzərəsi 422 oyun, 416 buraxılmış qol və 175 “quru” oyundan ibarətdir.

Ter Ştegen “Barselona” ilə 6 dəfə İspaniya La Liqasının, 6 dəfə İspaniya Kral Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Mark-Andre Ter Ştegen 2012-ci ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 42 oyuna 50 qol buraxıb, 12 “quru” oyun keçirib. Qapıçı Almaniya yığması ilə 2017-ci Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı alman qapıçının transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: