“Çelsi”nin ispan sol cinah müdafiəçisi Mark Kukurelya İngiltərədə meydanda onunla pis davranılmağa başlanıldığını bildirib.
Arena.az COPE dərgisinə istinadən məlumat verir ki, ispan futbolçu bununla, 2024-cü ildə Almaniyada keçirilmiş Avropa çempionatının İngiltərə yığması ilə final oyunundan (2:1) sonra üzləşdiyini bildirib:
“Mən artıq beş sarı vərəqəyə görə diskvalifikasiya edilmişən. Hakimlər elə, məni güdürlər. Xüsusilə səfərdə oynadığımız zaman dərhal elə, mənim üstümə atılırlar. Bu, adi haldır, çünki İspaniya komandası qalib gəldi, mən isə vurulmuş qolda iştirak etdim, indi də onların (ingilislərin – redaktorun qeydi) evində oynayıram. Bu, adi məsələdir, hazırda ağrı-acı duyurlar”, deyə Kukurelya bildirib.
Xatırladaq ki, İspaniya yığmasının hücumçusu Mikel Oyarsabalın 86-cı dəqiqədə vurduğu qələbə qoluna məhz Mark Kukurelya məhsuldar ötürməsi ilə öz töhfəsini vermişdi.
Mark Kukurelya “Espanyol” və “Barselona”nın futbol məktəblərini keçib. Kukurelya vaxtilə “blauqrana”da cəmi 1 oyun keçirib. Kukurelya İspaniyada “Xetafe” və “Eybar”ın da formasını geyinib. 2021-ci ildə “Xetafe” Kukurelyanı 18 milyon avro məbləğ müqabilində “Brayton”a satıb. 2022-ci ilin avqustunda isə “Çelsi” 65,3 milyon avro məbləğ ödəməklə ispan müdafiəçini heyətinə qatıb.
Mark Kukurelyanın “zadəganlar”la müqaviləsi 2028-ci ilin iyunun sonuna qədər qüvvədədir.
Kukurelya cari mövsümdə “zadəganlar”ın heyətində 7 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Kukurelyanın “zadəganlar”ın heyətində çıxışının ümumi mənzərəsi 66 oyun, 1 qol və 4 məhsuldar ötürmədən ibarətdir.
Mark Kukurelya 2021-ci ilin iyun ayında debüt etdiyi İspaniya yığmasının heyətində 11 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.
Kukurelya “qırmızı qəzəb”lə AÇ-2024-ün qalibi olub. Kukurelya 2021-ci ildə İspaniyanın Olimpiya yığmasının heyətində Olimpiadanın da qalibi olub. Müdafiəçinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Kral Kuboku (2017/2018) da var.
“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


