Mark Makkenzi “Tuluza”da – 3 milyonluq transfer

Belçikanın “Genk” klubunun amerikalı mərkəz müdafiəçisi Mark Makkenzi bundan sonra “Tuluza”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Fransa klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Makkenzi tamhüquqlu keçid əsasında “cocuqlar”ın düşərgəsinə qoşulub. Transfer “Tuluza”ya 3 milyon avro məbləğində başa gəlib. Makkenzi yeni klubu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Mark Makkenzi futbola “Filadelfiya Yunion” klubunda qədəm qoyub, ardınca “Ueyk-Forest Dimon Dikons”a keçib. Böyük futbolda debütü “Betlehem Stil”də baş tutmuş Makkenzinin Avropa karyerası “Genk”lə başlayıb.

Mark Makkenzi “Genk”in heyətində ümumilikdə 78 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Makkenzi 2020-ci ilin fevralında debüt etdiyi ABŞ yığmasının heyətində 13 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Mark Makkenzinin qənimətlər muzeyində “Genk”lə qazandığı Belçika Kuboku, “Filadelfiya Yunion”la qazandığı “Supporters’ Shield” (Müntəzəm çempionatın qalibi) qəniməti, həmçinin ABŞ yığması ilə CONCACAF Millətlər Liqası (2019/2020 və 2023/2024) var.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.