Mark Oliver Kempf 2,5 milyon avroya “Komo”da

Almaniyanın “Herta” klubunun mərkəz müdafiəçisi Mark Oliver Kempf bundan sonra “Komo”nun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

İtaliya klubu bu transfer üçün “Herta”ya 2,5 milyon avro ödəyib. 29 yaşlı almaniyalı futbolçu ilə 3 illik (2027-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.

Mark Oliver Kempf peşəkar karyerasına “Ayntraxt” (Frankfurt) klubunda başlayıb. O, “Frayburq” və “Ştutqart”da da forma geyinib. 2022-ci ildən “Herta”da çıxış edən müdafiəçinin 75 oyunda 5 qolu və 1 məhsuldar ötürməsi var. O, Almaniyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynasa da, əsas milliyə düşə bilməyib.

“Komo” Avstriyanın “Zalsburq” klubunun sağ cinah müdafiəçisi İqnase Van der Brempti də heyətinə qatıb. İtaliya klubu 22 yaşlı belçikalı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

İqnase Van der Brempt “Brügge”nin yetirməsi hesab olunur. 2022-ci ildən “Zalsburq”da çıxış edən müdafiəçi, ötən mövsüm “Hamburq”da da icarədə olub. “Zalsburq”da 28 oyuna 1 qol vurmuş Bremp, Belçikanın müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış etsə də, əsas millidə debüt etməyib.

“Komo” üç futbolçusunu da icarəyə verib. İsveçrəli yarımmüdafiəçi Samuel Ballet “Sürix”ə keçib. 23 yaşlı futbolçu bu mövsümün sonunadək ölkəsində çıxış edəcək. O, “Komo”da cəmi 3 oyuna çıxıb.

Slovakiyalı yarımmüdafiəçi Peter Kovaçik də Polşanın “Yagelloniya” klubuna icarəyə verilib. 22 yaşlı futbolçu cari mövsümün sonunadək icarədə olacaq. “Komo”ya bu yay transfer olunmuş yarımmüdafiəçiyə bu klubda rəsmi debüt qismət olmayıb.

Danimarkalı dayaq yarımmüdafiəçisi Oliver Abilqor isə “Piza”ya keçib. “Piza” 28 yaşlı oyunçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Danimarka yığmasında da 1 oyun keçirmiş Abilqor, “Komo”nun heyətində 30 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.