Bu yay İspaniyanın “Real” (Madrid) klubundan ayrılan ispan hücumçu Marko Asensio Fransa çempionu PSJ-yə keçib.
Arena.az xəbər verir ki, bu barədə Paris klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında həmyerlisi, ötən gün PSJ-nin baş məşqçisi təyin olunmuş Luis Enrikenin rəhbərliyi altında oynayacaq.
Xatırladaq ki, Marko Asensio 2016-cı ildən “Real”da çıxış edirdi. O, bu müddətdə Madrid təmsilçisi ilə 17 kubok qazanıb. Hücumçu üç dəfə İspaniya çempionu və eyni sayda da UEFA Çempionlar Liqasının qalibi olub.
Asensio “Real”ın heyətində meydana çıxdığı 285 oyunda 61 qol vurub, 32 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Malyorka” və “Espanyol”un da uğurları üçün çalışıb. Futbolçu İspaniya milli komandasının heyətində keçirdiyi 34 oyunda da cəmi 2 qolla yadda qalıb.
PSJ bu gün “İnter”dən ayrılmış Milan Şkrinyarı da azad agent kimi heyətinə qatdığını açıqlamışdı.



