Futbol üzrə Avstriya yığma komandasının mərkəz müdafiəçisi Marko Fridl Almaniyanın “Verder” klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı avstriyalı müdafiəçi 2028-ci ilin 30 iyununa qədər bu klubun uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaqdı.
Almaniya nəhəngi “Bayern”in yetirməsi olan Marko Fridl 2018-ci ilin qışından etibarən “Verder”də oynayır. O, cari mövsümdə bu komandanın heyətində 24 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Fridl hazırda kapitanı olduğu “Verder”də bütövlükdə 193 matç keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.
Avstriyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Fridl 2020-ci ildə ölkəsinin əsas millisində debüt edib. Amma o, millinin heyətində meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


