Futbol üzrə Monteneqro yığmasının da üzvü olan yarımmüdafiəçi Marko Yankoviç “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, monteneqrolu futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 11-ci turunun “Şamaxı” ilə matçına (3:0) təsadüf edib.
2022-ci ilin yayından Ağdam klubunun formasını geyinən 29 yaşlı futbolçu 100 oyunda 7 qolla yadda qalıb. O, Premyer Liqada 53 (3 qol), ölkə kubokunda 8 (1 qol), avrokuboklarda 39 (3 qol) matça çıxıb.
Xatırladaq ki, Yankoviçin “Qarabağ”dakı debütü 2022-ci il iyulun 5-də gerçəkləşib. O, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Lex”lə səfər matçında meydana çıxıb.
29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 100-cü oyununu keçirməsinə münasibət bildirib. Yankoviç şəxsi “İnstagram” hesabında bunları yazıb:
“Bu, zirvələr, çətinliklər və unudulmaz anlarla dolu inanılmaz səyahətdir. Ən böyük dəstəkçim olan ailəmə və dostlarıma təşəkkür edirəm. Komanda yoldaşlarım, məşqçilərim, klubda işləyən, daha əvvəl burada çalışmış insanlar və azarkeşlər məni daha yaxşı olmağa sövq etdilər. Dəstəyiniz üçün minnətdaram. Artıq daha çox məqsədə, qələbəyə, yeni çağırışlara, titullara və inanılmaz anlara köklənəcəyik. Gələcək üçün çox həyəcanlıyam”.
Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. Yarımmüdafiəçi Ağdam klubunun heyətində 100 oyuna çıxıb. O, bu oyunlarda 7 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.
Yankoviç “Qarabağ”dan öncə “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Beoqrad”, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” və “Olimpiakos” kimi klublarda da forma geyinib. Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 48 oyun keçirib, 1 qola imza atıb, 6 assistlə yadda qalıb.


