Markus Raşford gecə əyləncəsinə görə cərimələnə bilər

“Mançester Yunayted”in ingiltərəli hücumçusu Markus Raşford gecə klubunda əyləndiyinə və məşqi buraxdığına görə cərimə ilə üz-üzədir.

Arena.az “The Sun” dərgisinə istinadən məlumat verir ki, Raşfordu 764 min avro məbləğində pul cəriməsi gözləyir.

Mənbənin məlumatına görə, məşq ərəfəsində axşam, yoxluğu səbəbindən Markusun məşqçi buraxdığı təxmin ediləndə o, bunu inkar edib. Nəşr bildirir ki, Markus adamla dolu kluba gələ və bunun belə olmadığını car çəkə biləcəyini düşünüb. Belə mənzərədə “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın çox məyus olduğu vurğulanır.

Xatırladaq ki, “qırmızı şeytanlar”ın hücumçusu cümə günü səhər məşq etmək üçün çox “xəstə” olduğunu kluba elan etməzdən bir neçə saat əvvəl gecə klubunda olub. “Mançester Yunayted” Raşfordun çərşənbə gecəsi Belfasta getdiyini bildirib, ardınca isə Markusun növbəti axşam da gecə klubunda əyləndiyi ortaya çıxıb.

Bu kef-damaqdan sonra Raşford özünü o qədər pis hiss edib ki, Belfastdan Mançesterə geri uçuşunu təxirə salmalı olub. “Mançester Yunyted” və komandanın baş məşqçisi Erik ten Haq məsələni qabartmadan ört-basdır etməyə və bunu klubun daxili işi kimi həll etməyə üstünlük verərək, ətraflı şərhdən çəkiniblər. Raşfordun ətrafı da susmağa üstünlük verib.

“Mançester Yunayted” bu xüsusda rəsmi açıqlamasında qısa olub:

“Markus öz hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürüb. Bu, daxili intizam məsələsi kimi nəzərdən keçirilirdi, indi məsələ bağlanıb”, – “qırmızı şeytanlar”ın mətbuat xidməti bildirib.

Markus Raşford “Mançester Yunayted”in öz yetirməsidir. Markus 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun klubla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Raşford “Mançester Yunayted”in heyətində bütün yarışlarda 26 oyuna 4 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib. Markusun “qırmızı şeytanlar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 385 oyun, 127 qol, 74 məhsuldar ötürmə.

Markus Raşford 2016-cı ilin mayında debüt etdiyi İngiltərə yığmasının heyətində 59 oyuna çıxıb, 17 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli sol vingerin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: