Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Ankaragücü” klubunun müdafiəçisi Marlon Xavyer iş yerini dəyişməyə qərar verib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Ankara təmsilçisindən ayrılıb.
Sol cinah müdafiəçisi Braziliyaya qayıdıb. O, ölkəsinin köklü klublarından olan “Kruzeyro” ilə anlaşıb. Tərəflər arasındakı müqavilə 2025-ci ilin 31 dekabrına qədər nəzərdə tutulub.
Marlon Xavyer “Ankaragücü” klubuna bu mövsümün əvvəlində, 2022-ci ilin iyul ayında Braziliyanın digər nəhənglərindən olan “Fluminense”dən azad agent kimi ayrılaraq gəlmişdi. Super Liqa klubunun heyətində 15 oyun keçirmiş futbolçu 2 məhsuldar ötürmə ilə də yadda qalıb. O, daha öncə Türkiyədə “Trabzonspor”un da formasını geyinib. Peşəkar karyerasına Braziliyanın “Krisiuma” klubunda başlamış müdafiəçi icarə əsasında Portuqaliya “Boavişta”sında da çıxış edib.


