Marotta: “Lautaro artıq öz cavabını verib”

“İnter”in baş direktoru Cüzeppe Marotta Milan klubunun hücumçusu Lautaro Martineslə yeni müqaviləyə dair razılığa gəldiklərini açıqlayıb.

Arena.az xəbər verir ki, o, cari müqaviləsinin müddəti 2 il sonra başa çatacaq argentinalı hücumçusu ilə əmək müqaviləsinin müddətinin uzadılmasına dair danışıqların necə getdiyi haqda danışıb:

“Lautaro artıq öz cavabını verib. Öz futbolçularımızla heç bir fəsadımız yoxdur. Birlikdə davam etmək arzusu böyükdür. Bu, mühüm hiss və böyük dəyərdir. Ümidvaram ki, biz çox rahatlıqla razılığa gələ bilərik”, deyə Marotta vurğulayıb.

Lautaro Martines “İnter”ə 2018-ci ilin iyulunda 25 milyon avro müqabilində Avelyaneda “Rasinq”indən keçib. Martinesin “İnter”lə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib. Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 43 oyuna çıxıb, 27 qol vurub, 7 məhsuldar ötürmə verib.

Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 281 oyun, 129 qol, 43 məhsuldar ötürmə.

Martines “neradzurri” ilə 2 dəfə A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən mövsümdə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 56 oyuna çıxıb, 22 qol vurub, 8 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci il Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.