Marselino Qarsiya Toral Fransanın “Olimpik” (Marsel) komandasının baş məşqçisi postundan istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Ötən mövsüm bitən kimi İqor Tudorla yollarını ayıran Marsel təmsilçisi məhz ispan məşqçi ilə anlaşmış və onunla 2 illik (2025-ci ilin 30 iyununa qədər) müqavilə bağlamışdı. Lakin Toralın klub rəhbərliyini tənqid etməsi onun istefasını qaçılmaz edib. Belə ki, qərara Marselinonun son mətbuat konfransında səsləndirdiyi fikirlər səbəb olub. Fransa klubunun bəyanatında vurğulanıb ki, məşqçi rəhbərliyin lazımi şəraiti yarada bilmədiyinə dair açıqlama verdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.
Marsel “Olimpik”i bu mütəxəssisin rəhbərliyi altında cəmi 7 oyuna çıxıb. Komanda bu görüşlərdə 2 qələbə qazanıb, 3 heç-heçə edib və 2 məğlubiyyətə üzülüb. Liqa 1 təmsilçisi bu mövsüm topladığı 9 xalla 4-cü pillədə qərarlaşıb.
Marselino Qarsiya Toral “Olimpik”ə qədər “Atletik”, “Valensiya”, “Vilyarreal”, “Sevilya”, “Rasinq” (Santander), “Saraqosa”, “Rekreativo”, “Sportinq” (Xixon) kimi komandalarda da işləyib. 58 yaşlı mütəxəssis ilk dəfə ölkəsindən kənarda komanda çalışdırmaq fürsəti əldə etmişdi.


