İtaliyanın “İnter” klubu yarımmüdafiəçisi Marselo Brozoviç ilə müqaviləni yeniləyib. Arena.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
29 yaşlı futbolçu ilə yeni müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Müqavilənin digər detalları açıqlanmır.
Marselo Brozoviç 2015-ci ildən “İnter”də çıxış edir. Təcrübəli oyunçu həmin vaxt Zaqreb “Dinamo”sundan 5 milyon avro qarşılığında İtaliya klubunda transfer edilmişdi. Bu komandada 6-cı mövsümünü keçirən xorvatiyalı yarımmüdafiəçi bu müddətdə həm A Seriyasının, həm də İtaliya Super Kubokunun qalibi olub. Xorvatiya millisinin də üzvü olan Marselo, “İnter”də bütövlükdə 279 matça çıxıb, 26 qol vurub, 35 məhsuldar ötürmə müəllifi olub. O, Zaqreb “Dinamo”sundan öncə “Lokomotiva” və “Hrvatski Draqovolyaç” komandalarında da forma geyinib.


