Agentləri “İnter”in xorvat yarımmüdafiəçisi Marselo Brozoviçi Səudiyyə Ərəbistanına getməyə razı salmağa çalışırlar.
Arena.az bu barədə “Football Italia”ya istinadən xəbər verir.
Mənbənin məlumatına görə “Əl-Nəsr” Brozoviçin xidmətlərində maraqlıdır və futbolçunun agentləri də bu yöndə yarımmüdafiəçiyə təzyiq edirlər. Bir məlumatda agentlərin bu təzyiqinin maddi qazanc əldə etmək məqsədi daşıdığı deyilir.
“Əl-Nəsr” Brozoviçə yüksək məvacib və böyük bonuslar, agentlərinə isə yüksək komissiya təklif etməyə hazırdır.
Eyni zamanda, yarımmüdafiəçinin özü isə “Barselona”ya keçməyə meyllidir. Kataloniyanın baş məşqçisi Xavi Brozoviçi yarımmüdafiənin əsas oyunçusuna çevirmək istəyir.
2022/2023 mövsümündə Brozoviç “İnter”in heyətində 40 oyun keçirib. O, bu oyunlarda 3 qol vurub, 6 məhsuldar ötürmə verib, komandası ilə İtaliya Kubokunu və Super Kubokunu qazanıb. Xorvat həm də A Seriyasının və Çempionlar Liqasının “gümüş”ünə sahib olub.
“Transfermarkt” internet-portalı Marselo Brozoviçi 25 milyon avro məbləğində qiymətləndirir.


