Marselo Byelsa Amerika Kubokunun təşkilini kəskin tənqid etdi

Uruqvay yığmasının baş məşqçisi Marselo Byelsa bu günlərdə ABŞ-da keçirilən 2024-cü il Amerika Kubokunun təşkilini sərt tənqid edib.

Arena.az ESPN portalına istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Onlar meydanın mükəmməl vəziyyətdə olduğunu deyirdilər və bütün bu gopu burada danışaraq, mətbuat konfransı keçirərək, meydanın mükəmməl olduğunu car çəkdilər.

Buradakı şəraitin məşq üçün mükəmməl olduğunu dil-dil ötürdülər, amma Boliviya yığması məşq edə bilmədi, mənim isə bütün bunların yalan olduğunu sübut edən fotoşəkillərim var.

Sonra da biz bu haqda danışırıq, baxmayaraq ki, deməməyə söz verdiyim hər şeyi artıq demişəm, amma təhdidlər gəlir. Skaloni bir dəfə ot örtüyünün yararsız olduğunu söyləməyə cəsarət etdi və bu, məşhur bir səhv oldu.

Amerikalılar sizə deməyəcəklər: “Mən sizə mükəmməl meydan verəcəyəm”, Onlar sizə deyəcəklər: “Mən sizə üç gün əvvəl hazırlanmış sahə verəcəyəm”. Bu halda, ot kəsimləri arasında birləşmələr uyğun gəlmir.

Təlim-məşq düşərgələri – fəlakətdir. Boliviya yığması məşq edə bilmirdi, amma onlar isə deyirdilər: “Hər şey qaydasındadır, bu, Boliviyadır” (yəni – yarışın qapazaltısı mənasında – redaktorun qeydi).

Xatırladaq ki, Uruqvay yığması iyulun 13-də Kanada yığması ilə Amerika Kubokunun bürünc medalı uğrunda oyuna çıxacaq.

İyulun 14-də isə mötəbər yarışın həlledici oyununda Aregentina və Kolumbiya yığmaları qarşılaşacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: