Marselo Byelsa Uruqvay millisində!

Argentinalı mütəxəssis Marselo Byelsa futbol üzrə Uruqvay milli komandasının yeni baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə Uruqvay Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

67 yaşlı mütəxəssislə müqavilə 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub. O, bu postda Dieqo Alonsonu əvəz edib. Hansı ki, 48 yaşlı uruqvaylı məşqçi Qətərdəki mundialda uğur qazana bilmədikləri üçün postundan ayrılmağa qərar vermişdi.

Marselo Byelsa son olaraq İngiltərənin “Lids” komandasına rəhbərlik edib. O, 2022-ci ilin fevralında bu komandadan ayrılandan bəri işsiz idi. Argentinalı məşqçi əvvəllər “Lill”, “Olimpik” (Marsel), “Atletik”, “Espanyol”, “Veles Sarsfild”, “Amerika”, “Atlas”, “Nyuells Old Boyz” kimi klublara da rəhbərlik edib.

Byelsa milli komandalarla da işləyib. 1998-2004-cü illərdə Argentina yığmasını çalışdırarkən o, 2004-cü ildə onlarla olimpiya çempionu olub və elə həmin il Amerika Kubokunun gümüş mükafatını qazanıb. Bundan başqa, mütəxəssis Çili millisinə (2007–2010) rəhbərlik edib və bu komandanı da DÇ-2010-a çıxarıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: