Marselo “Olimpiakos”la müqaviləyə xitam verdi

Futbol üzrə Braziliya milli komandasının və Madrid “Real”ının sabiq müdafiəçisi Marselo Yunanıstanın “Olimpiakos” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatırılıb. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

İddiaya görə, Marselonun Yunanıstan nəhəngindən ayrılmasına səbəb onun başqa klubdan daha sərfəli təklif almasıdır. Müdafiəçinin hələlik adı açıqlanmayan komanda ilə artıq şəxsi sözləşməsini və maliyyə şərtlərini razılaşdırdığı bildirilir.

Xatırladaq ki, Pirey klubu Marselonu ötən ilin sentyabr ayında heyətinə qatmışdı. Həmin vaxt təcrübəli futbolçu ilə 1+1 illik müqavilə imzalanmışdı. Sol cinah müdafiəçisi Yunanıstan komandasının heyətində cəmi 10 oyuna çıxıb. O, bu görüşlərdə 3 qol da vurub.

Marselo “Olimpiakos”dan öncə 15 il formasını geyindiyi “Real”dan 2022-ci ilin yayında azad agent kimi ayrılmışdı. İspaniya klubundan öncə isə o, yetirməsi olduğu “Fluminense”də (11 oyun, 3 qol) oynayıb. Sol cinah müdafiəçisi “Real”ın heyətində bütövlükdə 546 matça çıxıb. O, bu görüşlərdə 38 qol vurub və 103 məhsuldar ötürmə müəllifi olub.

Braziliyalı müdafiəçi Madrid təmsilçisi ilə 25 kubok, o cümlədən 5 dəfə Çempionlar Liqasını qazanıb. Ulduz futbolçu Braziliya yığmasında keçirdiyi 58 oyunda 6 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: