Marten Stekelenburq 40 yaşında karyerasını başa vurur

Futbol üzrə Niderland millisinin sabiq üzvü, “Ayaks”ın qapıçısı Marten Stekelenburq peşəkar karyerasını başa vurmağa qərar verib. Arena.az xəbər verir ki, hazırda 40 yaşı olan qolkiper cari mövsümün sonunda futbolla vidalaşacaq.

Bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, ölkə çempionatının 33-cü turu çərçivəsində baş tutacaq “Utrext”lə ev oyunu onun karyerasındakı sonuncu matç olacaq.

Xatırladaq ki, “Ayaks”ın yetirməsi olan Marten Stekelenburq 10 ilə yaxın bu komandada çıxış etdikdən sonra 2011-ci ildə İtaliyanın “Roma” klubuna transfer olunub. “Roma”dan 2013-cü ildə ayrılan qolkiper İngiltərədə “Fulhem”, “Sauthempton” və “Everton”un, Fransada “Monako”nun da uğurları üçün çalışıb. 2020-ci ildə isə o, yenidən “Ayaks”a qayıdıb. O, Amsterdam təmsilçisində bütövlükdə 311 oyuna çıxıb. O, bu görüşlərdə 303 qol buraxıb, 121 oyunda isə qapısını toxunulmaz saxlayıb.

Təcrübəli qolkiperin digər klublardakı göstəriciləri belədir:

“Roma” – 55 oyun, 78 buraxılan qol, 14 “quru” oyun
“Everton” – 26 oyun, 31 buraxılan qol, 7 “quru” oyun
“Sauthempton” – 25 oyun, 40 buraxılan qol, 9 “quru” oyun
“Fulhem” – 21 oyun, 47 buraxılan qol, 3 “quru” oyun
“Monako” – 8 oyun, 5 buraxılan qol, 4 “quru” oyun

Təcrübəli qolkiper Niderland milli komandasında da 63 oyun keçirib. O, yığmanın heyətində 2010-cu ildə keçirilmiş dünya çempionatının gümüş medalını qazanıb.

Stekelenburq “Ayaks”ın heyətində 4 dəfə Niderland çempionu və ölkə kubokunun qalibi olub.