“Qranada” “Verona”nın kamerunlu dayaq yarımmüdafiəçisi Martin Honqla ilə anlaşaraq, futbolçunu heyətinə qatıb.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Transfer Əndəlüs təmsilçisinə 2,5 milyon avro məbləğində başa gəlib. Honqla “Qranada” ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Honqla Kamerun klubu “Nkufo Akademi”nin yetirməsidir. Kamerunlu futbolçunun Avropa karyerası 2016-cı ildə məhz “Qranada”ya keçidi ilə başlayıb. Honqla “Barselona”nın “B” komandasına icarəyə verilsə də, əsas komandaya düşə bilməyib və “Qranada”ya qayıdıb. Ardınca Honqla Ukraynanın “Karpatı” klubuna icarəyə verilib, daha sonra isə “Antverpen”ə satılıb. “Antverpen” Honqlanı “Verona”ya əvvəlcə icarəyə verib, daha sonra tamhüquqlu əsasda satıb. “Verona” isə kamerunlu futbolçunu “Valyadolid”də icarədə oynadıb, daha sonra “Qranada” sabiq futbolçusunu tamhüquqlu əsasda geri qaytarıb.
Cari mövsümün ilk yarısında Honqla “Verona”nın heəytində bütün yarışlarda 17 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Honqlanın qənimətlər muzeyində “Antverpen”lə qazandığı Belçika Kuboku var.
Martin Honqla 2020-ci ilin noyabrında debüt etdiyi Kamerun yığmasının heyətində 22 oyun keçirib, 4 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı kamerunlu dayaq yarımmüdafiəçisinin transfer dəyərini 2,8 milyon avro məbləğində qiymətləndirir.