Martin Terye 20 milyon avro müqabilində “Bayer”ə keçdi – Rəsmi

Fransanın “Renn” klubunun sol vingeri Martin Terye bundan sonra Almaniya çempionu “Bayer”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Leverkuzen təmsilçisi bu transfer üçün 20 milyon avrosundan keçib. 27 yaşlı fransalı vingerlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Martin Terye Fransanın “Lill” klubunun yetirməsidir. Yarımmüdafiəçi ölkəsində “Strasburq” və “Olimpik” (Lion) klublarının da formasını geyinib. O, “Renn”ə 2020-ci ilin iyul ayında Lion “Olimpik”indən 12 milyon avro qarşılığında keçmişdi. Vinger “Renn”in heyətində 141 oyuna çıxıb, 51 qol vurub, 24 məhsuldar ötürmə müəllifi olub. Fransanın U-20 və U-21 yığmalarında oynamış yarımmüdafiəçiyə əsas millidə debüt qismət olmayıb.

Martin Teryeni satan “Renn” də heyətinə yeni futbolçular cəlb edib. Liqa 1 təmsilçisi İngiltərənin “Lids” klubundan Qlen Kamaranı, Norveçin “Bodo Qlimt” klubundan isə Albert Qrönbeki heyətinə qatıb. Onların hər ikisi mərkəz yarımmüdafiəçisidir. “Renn” bu keçidlərə görə “Lids”ə 10 milyon, “Bodo Qlimt”ə isə 15 milyon avro ödəyib. Kamara yeni klubu ilə 4, Qrönbek isə 5 illik müqaviləyə imza atıb.

Qlen Kamara London “Arsenal”ının yetirməsidir. Bu klubda olarkən “Sautend Yunayted” və “Kolçester Yunayted”də icarədə oynamış yarımmüdafiəçi, “Dandi Yunayted” və “Reyncers”in də şərəfini qoruyub. “Lids” Kamaranı 2023-cü ilin yayında “Reyncers”dən 5,8 milyon avro müqabilində transfer etmişdi. Əslən Syerra Leonedən olan 28 yaşlı finlandiyalı futbolçu “Lids”də 42 oyun keçirib, 4 məhsuldar ötürmə müəllifi olub. O, 2017-ci ilin noyabrında debüt etdiyi Finlandiyanın əsas milli komandasında 59 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

Albert Grönbek isə Danimarkanın “Orhus” klubunun yetirməsidir. 23 yaşlı yarımmüdafiəçi “Bodo Qlimt”ə 2022-ci ilin avqustunda 4,8 milyon avro qarşılığında keçmişdi. O, Norveç klubunun heyətində 88 oyuna 30 qol vurub, 16 assistlə yadda qalıb. Danimarkalı futbolçu ölkəsinin U-16, U-18, U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt etməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: