Marvin Piringer və daha dörd futbolçu “Haydenhaym”da

Bundesliqanı tərk edən “Şalke”nin hücumçusu Marvin Piringer elitanın yeni iştirakçısı “Haydenhaym” klubuna transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

“Haydenhaym” bu transfer üçün 1,8 milyon avro ödəyib. 23 yaşlı alman hücumçu ilə 4 illik müqavilə imzalanıb.

Marvin Piringer 2021-ci ildən formasını geyindiyi “Şalke”də 26 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. O, “Paderborn”, “Roytlingen” və “Vürtsburger Kikkers”də də forma geyinib.

“Haydenhaym” sabiq futbolçusu, Vyana “Austria”sının hücumameyilli yarımüdafiəçisi Nikola Dovedanı da transfer edib. Azad agent statusuna malik 29 yaşlı avstriyalı ilə 1 illik müqavilə imzalanıb. Dovedan daha öncə “Nürnberq”, LASK, “Liferinq”, “Altax” kimi klublarda da oynayıb. O, 2017-2019-cu illər aralığında məhz “Haydenhaym”da çıxış edib və bu komandada 63 oyuna 17 qol, 11 assist müəllifi olub.

Debütantın digər transferi “Osnabrük”ün müdafiəçisi Omar Haktab Traoredir. Azad agent olan 25 yaşlı almanla 3 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi “Rodinqhauzen” və “Uerdingen” kimi klubların da formasını geyinib.

“Yan Regensburq”un dayaq yarımmüdafiəçisi Benedikt Gimber də “Haydenhaym”a keçib. 26 yaşlı alman futbolçu ilə 2 illik müqavilə imzalanıb. Almaniyanın aşağı yaş qrupları üzrə əksər yığmalarında oynamış Gimber, “Hoffenhaym”ın yetirməsidir. O, “Sandhauzen”, “Karlsrue”, “İnqolştadt” kimi klubların da formasını geyinib.

“Haydenhaym” “Verder”in türk hücumçusu Eren Dinkçini də icarə əsasında heyətinə qatıb. 21 yaşlı futbolçunun qarşıdakı mövsümün sonuna kimi icarədə olacağı diqqətə çatdırılıb. “Verder”in yetirməsi bu klubun əsas komandasında 50 oyuna 1 qol vurub, 2 assist müəllifi olub.

“Haydenhaym” qapıçısı Vitus Eyxerlə də yeni müqavilə bağlayıb. 32 yaşlı alman qapıçının bu yay bitən müqaviləsinin müddəti daha 2 il müddətinə uzadılıb. O, 2017-ci ildən formasını geyindiyi bu komandada cəmi 10 oyuna çıxıb, 18 qol buraxıb.

“Haydenhaym” beş futbolçusu ilə də yollarını ayırdığını açıqlayıb. Bunlar yarımmüdafiəçilər Mert Arslan, Andreas Qaypl, Djenis Burniç, Mervey Byankadi və müdafiəçi Marvin Rittmüllerdir. Müqavilə müddəti bitən futbolçularla yeni sözləşmə imzalamağa ehtiyac duyulmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: