Latviyanın “Valmiera” klubunun yaponiyalı yarımmüdafiəçisi Masaki Murata bundan sonra futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edəcək. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçunu “Sumqayıt” klubu öz heyətinə qatıb.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Mərkəz yarımmüdafiəçisi ilə 1.5 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Masaki Murata 2021-ci ilin iyul ayından “Valmiera”da forma geyinirdi. O, Latviya klubunda 48 oyuna 4 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Yapon futbolçu “Valmiera” ilə ötən mövsüm Latviya çempionu olub.
Yaponiyanın “Frontale” klubunun yetirməsi olan Murata, ölkəsində “İtuano”nun da formasını geyinib. O, Almaniyada “Ginşeym” və “Bayern Alzenau” klublarında da oynayıb. Yarımmüdafiəçi vaxtilə Yaponiyanın U-17 yığmasının da uğurları üçün çalışıb.
Xatırladaq ki, “Sumqayıt” dövrələrarası fasilədə Muratadan öncə braziliyalı Dieqo Kariokanı da heyətinə qatmışdı. Karioka Sumqayıtda təmsilçisində forma geyinəcək ilk braziliyalı olacaqsa, Murata da ilk yaponiyalı futbolçu kimi tarixə düşəcək.