Almaniyanın “Ştutqart” klubu mərkəz yarımmüdafiəçisi Mateo Klimoviç və hücumçusu Tomas Kastanarasla yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Klimoviç Meksikanın “Atletiko San Luis” klubuna satılıb. Almaniya klubu yarımmüdafiəçisinin satışından 750 min avro qazanıb. Kastanaras isə “Ulm 1846” klubuna icarəyə verilib. O, 2023/2024 mövsümünün sonuna kimi Almaniyanın aşağı liqa təmsilçisinin formasını geyinəcək.
Mateo Klimoviç 2022-ci ilin dekabr ayından “Ştutqart”ın formasını geyinirdi. Həm Almaniya, həm də Argentina vətəndaşlığına malik 23 yaşlı futbolçu “Ştutqart”da 52 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub. O, “Ştutqart”da olarkən “Arminiya” (Bilefeld) və “Atletiko San Luis”də icarədə də çıxış edib. Almaniya klubundan əvvəl isə Klimoviç “İnstituto”da da forma geyinib. Mateo Almaniyanın U-21 yığmasında da 4 oyun keçirib.
Tomas Kastanaras isə “Ştutqart”ın öz yetirməsidir. 20 yaşlı alman forvard bu klubun əsas komandasında cəmi 4 oyun keçirib və fərqlənə bilməyib. Yunan əsilli hücumçu Yunanıstanın U-17 və U-19 yığmalarında oynadıqdan sonra Almaniyanın U-20 millisində çıxış etməyə qərar verib.


