Argentinanın “Veles Sarsfild” klubunun hücumçusu Mateo Pelleqrino bundan sonra “Parma”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
A Seriyası təmsilçisi bu transferi 2 milyon avroya rəsmiləşdirib. 23 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.
İspaniyada dünyaya göz açmış Mateo Pelleqrino futbola “Valensiya”da başlayıb, daha sonra Milan “İnter”ində çıxış edib. O, 2018-ci ildən “Veles Sarsfild”də forma geyinirdi. 23 yaşlı forvard bu müddət ərzində “Estudiantes” və “Platense” kimi klublarda icarədə də olub.
Mateo Pelleqrinonu heyətinə qatmış “Parma”da iki ayrılıq da yaşanıb. İtaliya klubu Canluka Di Kyara ilə yollarını ayırıb. 31 yaşlı müdafiəçi azad agent kimi “Frozinone”yə keçib.
Canluka Di Kyara məhz “Parma”nın yetirməsidir. Amma o, karyerası ərzində “Reciana”, “Paviya”, “Latina”, “Katanzaro”, “Leççe”, “Focca”, “Peruca”, “Benevento”, “Karpi” kimi klubların da formasını geyinib. İtaliyalı müdafiəçi 2023-cü ildə yenidən “Parma”ya qayıtmışdı. Di Kyara İtaliyanın U-19 yığmasında da oynayıb.
“Parma”nın fransalı yarımmüdafiəçisi Vilan Siprien isə bundan sonrakı karyerasını Çində davam etdirəcək. 30 yaşlı futbolçu bu ölkənin “Çanqçun Yatay” klubuna keçib. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmır.
Vilan Siprien Fransanın “Paris” və “Lans” klublarının yetirməsidir. “Nitsa”, “Nant” və “Sion”da da oynamış futbolçu 2020-ci ildən “Parma”nın sıralarında idi. O, Fransanın U-16, U-18, U-19 və U-21 yığmalarında da çıxış edib.