Mateo Reteqi “Tiqre”dən “Cenoa”ya keçdi – 12 milyon avroya

Futbol üzrə İtaliya yığmasının və Argentinanın “Tiqre” klubunun mərkəz hücumçusu Mateo Reteqi “Cenoa”ya keçib.

Arena.az bu barədə Genuya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

24 yaşlı hücumçu tibbi müayinədən uğurla keçib. Onunla 5 illik müqavilə imzalanıb. Reteqi artıq yeni komandası ilə məşqlərə də başlayıb. “Cenoa” bu transfer üçün “Tiqre”yə 12 milyon avro ödəyib.

Daha əvvəl “Vulverhempton”un gənc italiyalı hücumçuya iddialı olduğu, lakin maliyyə feyr-pleyi qaydalarına əsasən, müvafiq transferin mümkünsüzlüyü haqda məlumat verilmişdi.

Mateo Reteqi “River Pleyt” və “Boka Xuniors” kimi klubların yetirməsidir. O, icarə əsasında “Estudiantes” və “Talyeres”də də forma geyinib. Hücumçu 2022-ci ilin fevralında “Boka Xuniors”dan icarə əsasında “Tiqre” klubuna keçmişdi. “Tiqre” bir neçə gün öncə “Boka Xuniors”a 8.05 milyon avro ödəməklə onun transfer hüquqlarını da almışdı. Beləcə, Reteqinin “Cenoa”ya keçidindən daha çox qazanclı çıxan elə “Tiqre” olub.

2022/2023 mövsümündə Reteqi “Tiqre”nin heyətində 28 oyuna çıxıb, 12 qol vurub, 1 məhsuldar ötürmə verib. Mateo bu ildən dəvət aldığı İtaliya yığmasında 3 oyuna 2 qol vurub.

“Transfermarkt” internet-portalı Mateo Reteqini 16 milyon avro məbləğində qiymətləndirir.

“Cenoa” yarımmüdafiəçisi Françesko Kassatanı da “Spetsiya”ya icarəyə verib. Sözügedən klub 26 yaşlı italyanı satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. 2019-cu ildən “Cenoa”da çıxış edən Kassata bu komandada 37 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb. O, “Askoli”, “Ternana”, “Frozinone”, “Sassuolo” və “Parma”da da forma geyinib, İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.

“Cenoa”nın fransız yarımmüdafiəçisi Abdulaye Ture də “Havr”a keçib. Liqa 1 klubu 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlayıb. Futbolçu 2021-ci ildən formasını geyindiyi İtaliya klubunda cəmi 13 matça çıxıb. O, “Nant” və “Fatih Karagümrük”də də oynayıb, Fransanın aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinib.

Yeri gəlmişkən, “Havr” “Soşo”nun yarımmüdafiəçisi Rassul Ndiayeni də transfer edib. Liqa 1 təmsilçisi bu transfer üçün 1,5 milyon avrosundan keçib. 21 yaşlı fransızla 3 illik müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: