Matias Vinya “Roma”nı “Flamenqo”ya dəyişdi

Futbol üzrə Uruqvay milli komandasının sol cinah müdafiəçisi Matias Vinya İtaliyanın “Sassuolo” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu bundan sonrakı karyerasını Braziliyada davam etdirəcək.

O, bu ölkənin ən məşhur klublarından biri olan “Flamenqo”ya keçib. Müqavilə ilə İtaliyanın digər klubu “Roma”ya məxsus olan Vinya bu mövsümün əvvəlində “Sassuolo”ya icarəyə verilmişdi. Lakin “Flamenqo”nun bu təklifi onun “Sassuolo”nu erkən tərk etməsinə səbəb olub. Braziliya klubu Vinyanın keçidi üçün “Roma”ya 8,1 milyon avro ödəyib.

Uruqvaylı müdafiəçi “Flamenqo” ilə müddəti 2028-ci ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqavilə bağlayıb.

Xatırladaq ki, Matias Vinya 2021-ci ilin avqust ayında Braziliyanın “Palmeyras” klubundan 13 milyon avro qarşılığında “Roma”ya transfer olunmuşdu. Müdafiəçi paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 44 oyunda cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Roma” Vinyanı daha öncə İngiltərənin “Bornmut” klubuna da icarəyə vermişdi. Müdafiəçi Premyer Liqa klubunda 12 oyuna çıxıb, 2 qol vurub, “Sassuolo”da isə 16 oyun keçirib, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Vinya daha öncə yetirməsi olduğu Uruqvay “Nasional”ında 47 oyun keçirib, 5 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. O, Braziliya “Palmeyras”ında da 70 oyuna çıxıb, 5 qol və 10 assistlə yadda qalıb.

Matias 2019-cu ildən Uruqvay milli komandasında çıxış edir. O, millidə 35 oyun keçirib, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: