Matis Lamburd 3 milyon avroya “Verona”da

Fransanın “Renn” klubunun 18 yaşlı hücumçusu Matis Lamburd bundan sonra karyerasını “Verona”da davam etdirəcək.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

A Seriyası təmsilçisi gənc forvardı 3 milyon avroya heyətinə qatıb. Onunla 5 illik müqavilə imzalanıb.

Matis Lamburd futbola PSJ-nin akademiyasında başlayıb. 2021-ci ildən “Renn”də olan hücumçu bu klubun əsas komandasında cəmi 3 oyun keçirib. Lamburd Fransanın U-17 və U-18 yığmalarında da oynayıb.

“Verona” Belçikanın “Anderlext” klubunun hücumçusu Luka Montikellini də heyətinə qatıb. 19 yaşlı belçikalı futbolçunun transferi və müqavilə müddəti ilə bağlı detallar açıqlanmır.

“Anderlext”in öz yetirməsi olan Montikelli Belçika nəhənginin əsas komandasında 2 oyun keçirib. O, ölkəsinin U-15, U-17 və U-19 yığmalarında da forma geyinib.

Fransanın “Lans” klubunun hücumameyilli yarımmüdafiəçisi Ayanda Sişuba da “Verona”ya keçib. 19 yaşlı belçikalının yeni klubuna keçidinin təfərrüatları açıqlanmayıb.

Ayanda Sişuba “Lans”ın yetirməsidir. Gənc yarımmüdafiəçi Fransa klubunun əsas komandasında 8 oyun keçirib. O, Belçikanın U-17, U-18 və U-19 yığmalarında da forma geyinib.

Yeri gəlmişkən, “Lans”ın hücumameyilli yarımmüdafiəçisi Steyn Spirinqs də sözügedən klubdan ayrılaraq “Bröndbü”yə keçib. 28 yaşlı niderlandlı futbolçu Danimarka klubu ilə 3 illik sözləşməyə imza atıb. Transfer “Bröndbü”yə pulsuz başa gəlib.

“Verona” onları da icarəyə götürdü

“Verona” “Salernitana”nın mərkəz müdafiəçisi Flavius Danilyuku da icarəyə götürüb. Klub mövsümün sonunda Danilyukun transfer hüquqlarını da almağa mükəlləfdir.

Flavius Danilyuk 2022-ci ilin avqustunda transfer edildiyi “Salernitana”nın heyətində 46 oyuna çıxıb (1 qol, 3 assist). 23 yaşlı futbolçu “Nitsa”, “Zalsburq” kimi klublarda da çıxış edib. 23 yaşlı Danilyuk ötən il debüt etdiyi Avstriya yığmasında da 3 oyun keçirib.

“Salernitana”nın xorvatiyalı sol cinah müdafiəçisi Domaqoy Bradariç də “Verona”ya keçib. Sözügedən klub 24 yaşlı oyunçunu da bu mövsümün sonunadək birdəfəlik transfer etmək şərti ilə icarəyə götürüb.

“Hayduk”un yetirməsi olan Domaqoy Bradariç Fransanın “Lill” klubunun da şərəfini qoruyub. “Salernitana” onu 2022-ci ilin yayında məhz “Lill”dən 5 milyon avroya transfer etmişdi. “Salernitana”da 71 oyun keçirmiş futbolçu bu oyunlarda cəmi 6 assistlə yadda qalıb. O, 2020-ci ilin oktyabrında debüt etdiyi Xorvatiya yığmasında da 4 oyun keçirib.

“Verona”da üç ayrılıq da yaşanıb. 32 yaşlı italiyalı mərkəz müdafiəçisi Federiko Çekkerini “Kremoneze”yə keçib. Azad agent statusuna malik futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Avstraliyalı 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Aydin Hrustiç “Salernitana”ya keçib. O da yeni klubuna azad agent kimi qoşulub və 1 illik müqaviləyə imza atıb.

23 yaşlı niderlandlı vinger Elayis Tavşan isə “Çezena”ya icarəyə verilib. O, bu mövsümün sonunadək icarədə çıxış edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: