Mats Hummels “Borussiya”nın yeni rekordçusu oldu

Almaniya Bundesliqasının 7-ci turunun “Union Berlin”lə ev oyunu Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, dortmundlular bu görüşdən 4:2 hesablı qələbə ilə ayrılıblar.

“Opta Sport” statistik internet-portalının məlumatına görə, Hummels “Borussiya”nın heyətində 348-ci Bundesliqa oyununda 207-ci qələbəsini qazanıb. Bununla da o, Mixael Sorkun 206 qələbədən ibarət rekordunu üstələyib.

Mats Hummels “Bayern”in yetirməsidir. O, 2008-2016-cı illərdə “Borussiya”da çıxış edib, daha sonra “Bayern”də üç il keçirərək 2019-cu ildə yenidən Dortmunda qayıdıb. Ümumiyyərtlə Hummels yalnız bu iki Almaniya nəhənginin heyətində çıxış edib.

Müdafiəçinin Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyun sonuna qədər qüvvədədir.

Ümumilikdə Hummels “Borussiya”nın heyətində 477 oyun keçirib, 36 qol vurub, 22 məhsuldar ötürmə verib.

Hummels 2010-cu ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 76 oyuna 5 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib. Mats DÇ-2014-ün qalibidir. Müdafiəçi uzun müddətdən sonra yenidən “bundestim”ə çağırılıb, yığmanın yeni baş məşqçisi Yulian Nagelsman veteran müdafiəçiyə etimad göstərib. Mats sonuncu dəfə Almaniya yığmasının heyətində AÇ-2020-nin 1/8 finalı çərçivəsində İngiltərə yığmasına qarşı oyunda (0:2) meydana çıxıb.

“Transfermarkt” internet-portalı 34 yaşlı Mats Hummelsi 6 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Dortmund “Borussiya”sı bu mövsüm 7 oyuna topladığı 17 xalla Bundesliqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Üçüncü pillədəki “Bayern”lə eyni xala malik komanda lider “Bayer”dən 2, 2-ci sıradakı “Ştutqart”dan isə 1 xal geri qalır.