Futbol üzrə Belçika millisinin və Fransanın “Strasburq” klubunun qapıçısı Mats Sels bundan sonra “Nottingem Forest”in formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
İngiltərə klubu 31 yaşlı qolkiperin transferi üçün 8 milyon avrosundan keçib. Onunla müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Mats Sels Belçikanın “Lyers” klubunun yetirməsidir. O, karyerası ərzində “Gent”, “Nyukasl”, “Anderlext” kimi klubların da şərəfini qoruyub. 2018-ci ildən “Strasburq”da forma geyinən qapıçı Liqa 1 klubunun heyətində 175 oyuna çıxıb, 230 qol buraxıb, 42 matçda qapısını toxunulmaz saxlayıb. Belçikanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Sels, 2021-ci ildə əsas millidə debüt edib. O, Belçika yığmasında cəmi 6 matç keçirib.
“Nottingem Forest” Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumameyilli yarımmüdafiəçisi Covanni Reyna və Portuqaliyanın “Sportinq” (Lissabon) komandasının hücumçusu Rodriqo Ribeyronu da heyətinə qatıb. Onların hər ikisi bu mövsümün sonuna kimi icarəyə götürülüb. Ribeyronun müqaviləsində satınalmaya dair şərt də var.
Rodriqo “Sportinq”in öz yetirməsidir. 18 yaşlı portuqal forvard Lissabon təmsilçisinin əsas komandasında 7 oyun keçirsə də, fərqlənə bilməyib. Portuqaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Ribeyro, hazırda U-20-yə dəvət alır.
İngiltərədə dünyaya göz açmış, “Nyu York Siti”nin yetirməsi olan Covanni Reyna isə peşəkar karyerasına elə “Borussiya”da başlayıb. O, Dortmund klubunun heyətində 121 oyuna çıxıb, 17 qol vurub, 16 assist edib. Amerika Birləşmiş Ştatlarının aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Reyna, 2020-ci ildən əsas millidə çıxış edir. O, yığmada 24 oyuna 7 qol vurub.
Horvatla Mayten “Nottingem Forest”dən ayrıldılar
“Nottingem Forest” iki futbolçusu ilə də yollarını ayırıb. Qapıçı İtan Horvat “Kardiff Siti”yə keçib. 28 yaşlı amerikalı qolkiper yeni klubu ilə 2027-ci ilin 30 iyununa kimi anlaşıb. O, 2012-ci ilin yayından formasını geyindiyi “Nottingem Forest”də 11 oyuna 11 qol buraxıb, 4 “quru” matç keçirib. “Brügge”, “Molde” və “Luton Taun”da da oynamış qapıçı ABŞ yığmasında 9 matça çıxıb.
Sol cinah vingeri Aleks Mayten isə “Port Veyl”ə icarəyə verilib. O, mövsümün sonuna kimi icarədə olacaq. ABŞ vətəndaşlığı da olan ingiltərəli futbolçu daha öncə “Şeffild Uensdey” və “Kortreyk” klublarında da icarədə olub. 21 yaşlı futbolçu “Nottingem Forest”də 67 oyuna 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. O, İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.