Portuqaliyanın U-20 yığmasının və “Pasuş de Ferreyra” klubunun hücumameyilli yarımmüdafiəçisi Matşo Djalo “Başakşəhər”ə keçib.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Amma portuqal yarımmüdafiəçinin Super Liqa təmsilçisi ilə sözləşməsi 2023/2024 mövsümü başa çatdıqdan sonra qüvvəyə minəcək. O, həmin vaxta kimi “Pasuş de Ferreyra”nın uğurları üçün çalışmağa davam edəcək.
Matşo Djalo “Pasuş de Ferreyra”nın yetirməsidir. Əslən Qvineya Bisaudan olan gənc futbolçu 2019-cu ildən bu klubun əsas komandasında forma geyinir. O, bu komandada 86 oyuna çıxıb, 8 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
Djalo 2022-ci ildən Portuqaliyanın U-20 yığmasında çıxış edir. O, daha öncə bu ölkənin U-17, U-18 və U-19 yığmalarında da oynayıb.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,3 milyon avro məbləğində qiymətləndirir.


