Futbol üzrə İtaliya milli komandasının və “İnter”in mərkəz müdafiəçisi Matteo Darmian zədə səbəbindən sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İtaliyalı futbolçuya sol ayağında əzələ zədəsi diaqnozu qoyulub. O, qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək.
“İnter” növbəti iki oyununda A Seriyasında “Roma” və UEFA Çempionlar Liqasında “Yunion”la qarşılaşacaq. Komanda İtaliya çempionatının 6 turundan sonra 12 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
Matteo Darmian “Milan”ın yetirməsidir. Lakin o, yetirməsi olduğu bu klubun əsas komandasında cəmi 6 matça çıxıb. “Padova”, “Palermo”, “Torino”, “Mançester Yunayted” və “Parma” kimi klublarda da oynamış təcrübəli müdafiəçi 2020-ci ilin oktyabr ayından “İnter”də çıxış edir. O, bu komandanın heyətində meydana çıxdığı 211 oyunda 13 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub. Matteo cari mövsümdə cəmi 2 matça çıxıb.
Darmian 2014-cü ilin mayında debüt etdiyi İtaliya yığmasının heyətində 46 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 35 yaşlı müdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.


