“Bayern”in niderlandlı mərkəz müdafiəçisi Matteys de Liqt yol qəzası törətdikdən sonra, hadisə yerini tərk etdiyinə görə həbs edilə bilər.
Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, avqustun 7-də niderlandlı futbolçu avtomobilini idarə edərkən klub ofisinin yaxınlığında dayanmış digər avtomobilə çarpılıb. Amma bundan sonra De Liqt hadisə yerində dayanmayıb, məşqə yollanıb. Hadisənin şahidi hüquq-mühafizə orqanlarına zəng edərək, bu barədə məlumat verib. Polis isə De Ligtin avtomobilinin qarşısına sipər çəkərək, futbolçunu saxlayıb.
Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. İttihamçı tərəf sübut etməlidir ki, De Liqt başqa avtomobili vurduğunu görüb və qəsdən qəza yerini tərk edib.
Alman hüquqşünaslar vurğulayırlar ki, futbolçunu 3 ilə qədər həbs və ya böyük məbləğdə cərimə gözləyir.
De Liqt futbola 2009-cu ildə “Abkaude” klubunda qədəm qoyub və həmin il buradan “Ayaks”ın futbol akademiyasına yol tapıb, əsas heyətə düşüb. Ardınca 2019-2022-ci illərdə “Yuventus”da çıxış edən De Liqt 2022-ci ilin iyulunda 67 milyon avro məbləğ müqabilində “Bayern”ə keçib. Niderlandlı müdafiəçinin Almaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023/2024 mövsümündə De Liqt “Bayern”in heyətində bütün yarışlarda 30 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Onun “Bayern” karyerası 73 oyun, 5 qol və 2 assistdən ibarətdir.
De Liqt “Bayern”lə Almaniya Bundesliqasının (2022/2023) və Almaniya Super Kubokunun (2022/2023) qalibi olub.
Matteys de Liqt 2017-ci ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 45 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.


