Matteys de Liqt və Nussayr Mazraui “Mançester Yunayted”də!

“Bayern”in niderlandlı mərkəz müdafiəçisi Matteys de Liqt vəmərakeşli sağ cinah müdafiəçisi Nussayr Mazraui “Mançester Yunayted”də keçiblər.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Qırmızı şeytanlar” bu iki oyunçunun transferi üçün “Bayern”ə bütövlükdə 60 milyon (45 milyon De Liqt, 15 milyon Mazraui üçün) avro ödəyib. 25 yaşlı Matteys yeni klubu ilə 5+1 illik müqaviləyə imza atıbsa, 26 yaşlı Nussayr 4+1 illik sözləşməyə qol çəkib.

De Liqt futbola 2009-cu ildə “Abkaude” klubunda qədəm qoyub və həmin il buradan “Ayaks”ın futbol akademiyasına yol tapıb, əsas heyətə düşüb. Ardınca 2019-2022-ci illərdə “Yuventus”da çıxış edən De Liqt 2022-ci ilin iyulunda 67 milyon avro məbləğ müqabilində “Bayern”ə keçib. Niderlandlı müdafiəçinin Almaniya nəhəngi ilə 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi vardı.

2023/2024 mövsümündə De Liqt “Bayern”in heyətində bütün yarışlarda 30 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Onun “Bayern” karyerası 73 oyun, 5 qol və 2 assistdən ibarətdir.

De Liqt “Bayern”lə Almaniya Bundesliqasının (2022/2023) və Almaniya Super Kubokunun (2022/2023) qalibi olub.

Matteys de Liqt 2017-ci ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 45 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

Nussayr Mazraui isə “Bayern”ə 2022-ci ilin iyulunda azad agent qismində “Ayaks”dan keçmişdi. Müdafiəçinin Almaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədəydi.
“Bayern”in heyətində Mazraui ümumilikdə 55 oyuna çıxıb, 1 qol vurub, 8 məhsuldar ötürmə verib. Mərakeşli futbolçu münhenlilərlə 2022/2023 mövsümündə Bundesliqanın və Almaniya Super Kubokunun qalibi olub.

Nussayr Mazraui 2018-ci ilin sentyabr ayında debüt etdiyi Mərakeş yığmasının heyətində 28 oyuna çıxıb, 2 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: