Fransanın “Renn” klubunun hücumçusu Mattis Ablin sözügedən klubdan ayrılaraq tamhüquqlu əsasda Liqa 1-in digər təmsilçisi “Nant”a keçib.
Arena.az xəbər verir ki, bu barədə “Nant” rəsmi saytı vasitəsilə məlumat yayıb.
Sözügedən klub 21 yaşlı fransalı hücumçunu ötən ilin avqustunda satınalma şərti ilə icarəyə götürmüşdü. “Nant” rəhbərliyi onu heyətdə saxlamağa qərar verib. Bu üzdən də “Renn”ə 10 milyon avro ödəyən “Nant” Ablini birdəfəlik heyətinə qatıb. Onunla 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Mattis Ablin “Renn”in öz yetirməsidir. Gənc hücumçu bu klubun əsas komandasında 25 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, geridə qalmış mövsümdə “Nant”ın heyətində də 24 oyuna 5 qol vurub, 1 assist edib. O, daha öncə “Oser” və “Havr”da da icarədə oynamışdı.
Ablin Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. 2022-ci ildən isə o, ölkəsinin U-21 millisinə dəvət alır.
Yeri gəlmişkən, “Renn”in seneqallı qapıçısı Alfred Qomis də bu klubdan ayrılaraq “Palermo”ya keçib. İtaliya vətəndaşlığı da olan 30 yaşlı qolkiper yeni klubu ilə azad agent kimi 2 illik müqavilə bağlayıb.
Alfred Qomis “Renn”ə 2020-ci ilin sentyabr ayında 10 milyon avro qarşılığında keçmişdi. O, bu klubun heyətində 59 matça çıxıb, 67 qol buraxıb, 17 matçda qapısını toxunulmaz saxlayıb.
Qomis karyerası ərzində SPAL, “Krotone”, “Çezena”, “Avellino”, “Dijon”, “Salernitana”, “Komo”, “Loryan”, “Bolonya” və “Torino” kimi klubların da formasını geyinib. O, 2017-ci ilin noyabr ayında debüt etdiyi Seneqal yığmasında 16 matç keçirib.


