Maurisio Poçettino: “Qalib gəlməyi azarkeşlərdən az istəmirəm”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “Nyukasl”ın çalışdırıcısı Eddi Hau ilə əvəzlənəcəyinə dair xəbərləri şərh edib.

Arena.az xəbər verir ki, Britaniya mətbuatında Eddi Haunun “zadəganlar”ın sükanı arxasında Poçettionun əvəzləyicisi ola biləcəyi ilə bağlı məlumatlar yayılmaqdadır.

Argentinadan olan 52 yaşlı mütəxəssis bu xəbərlərə belə münasibət bildirib:

“Ümidvaram ki, “Çelsi” azarkeşləri bir gün “Nyukasl” azarkeşlərinin Haunu dəstəklədiyi kimi, məni də dəstəkləyəcəklər. Mən indi burada olduğum üçün bunu deyirəm. Məhz mən “Çelsi”nin baş məşqçisiyəm və qalib gəlməyi azarkeşlərdən az istəmirəm”.

Xatırladaq ki, Maurisio Poçettino 2023-cü ilin yayından “Çelsi”ni çalışdırır. Argentinalı mütəxəssisin rəhbərliyi altında “zadəganlar” bütün yarışlarda 37 oyun keçiriblər, 18 qələbə, 7 heç-heçə və 12 məğlubiyyət yaşayıblar.

İngiltərə Premyer Liqasında keçirdiyi 27 oyundan sonra “Çelsi” 39 xalla 11-ci pillədə qərarlaşıb. Belə görünür ki, “zadəganlar” milli çempionat vasitəsilə gələn mövsüm avrokuboklarda iştirak imkanı əldə edə bilməyəcəklər.

Xatırladaq ki, “Çelsi” cari mövsümdə avrokuboklarda iştirak etmir.

Poçettino daha öncə PSJ, “Tottenhem”, “Sauthempton”, “Espanyol” kimi klublarda da baş məşqçi kimi çalışıb.

Eddi Hau isə 2021-ci ilin noyabr ayından “Nyukasl”a rəhbərlik edir. 46 yaşlı ingilis mütəxəssis bu müddətdə sözügedən komandanı 113 oyuna çıxarıb. “Nyukasl” bu matçlarda 56 qələbə qazanıb, 25 heç-heçə edib, 32 məğlubiyyətə üzülüb.

Eddi Haunun “Nyukasl”ı bu mövsüm Premyer Liqada 40 xalla “Çelsi”dən bir pillə öndə – 10-cu sırada qərarlaşıb.

Hau daha öncə “Bornmut” və “Börnli”də də baş məşqçi olub.