Maurisio Sarri: “Orada siqaret tüstülətməyə icazə var?”

“Latsio”nun baş məşqçisi, italyan mütəxəssis Maurisio Sarri Səudiyyə Ərəbistanında mümkün iş barədə sualı cavablayıb.

Arena.az “La Repubblica” dərgisinə istinadən məlumat verir ki, Sarri suala özünəməxsus şəkildə cavab verərək, dərinə getməkdən daşınıb:

“Səudiyyə Ərəbistanı? Orada siqaret çəkib tüstülənmək olar? Sonra baxarıq”, deyə Sarri qısaca cavabla kifayətlənib.

Maurisio Sarri “Latsio”nu 2021-ci ilin iyunun çalışdırır. 64 yaşlı mütəxəssisin paytaxt klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədir. İtalyan mütəxəssis əvvəllər “Çelsi” və “Yuventus”u çalışdırıb. Sarrinin rəhbərliyi altında London klubu Avropa Liqasının qalibi (2018/2019) olub. “Çelsi”nin sükanı arxasında ilk mövsümünün sonunda Sarri “zadəganlar”la müqaviləsinə xitam verib və bu qərarını “Yuventus”u çalışdırmaq üçün qəbul edib. Turin klubunda əsas tapşırığına – Çempionlar Liqasında uğura nail ola bilməsə də, Sarri “Qoca sinyora”ya A Seriyasında çempionluğu qazandıra bilib (2019/2020). Bir müddət əvvəl Sarri müsahibələrinin birində “Çelsi”dən “Yuventus”a görə ayrılaraq İtaliya qayıtmaqda yanlış qərar verdiyi qənaətinə gəldiyini etiraf etmiş və bundan peşman olduğunu bildirmişdi.

Hazırda Maurisio Sarrinin çalışdırdığı “Lazio” 12 turdan sonra 17 xalla A Seriyasının turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. A Seriyasına 21 xalla “İnter” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: