İtalyan mütəxəssis Mauritsio Sarri keçmiş komandaları olan “Yuventus” və “Napoli”nin 2023/2024 mövsümünün nəticələrini şərh edib.
Arena.az xatırladır ki, “Yuventus” İtaliya Kubokunun qalibi olub.
Turin təmsilçisi 37 oyundan 68 xalla A Seriyasının yarış cədvəlində 4-cü yerdədir. Ötən mövsümün çempionu “Napoli” isə 52 xalla 10-cu pillədə qərarlaşıb.
“Düşünmürəm ki, “Yuventus” kimi şüarı “önəmli olan tək şey qazanmaqdır” olan bir klub üçün İtaliya Kubokunu qazanmaq mövsümü xilas etmək üçün kifayətdir.
Alleqri ilə Yuventus arasında baş verənlərlə bağlı fikrim nədir? Kənardan şərh vermək çətindir, ancaq müəyyən şərtlər daxilində yaşayırsınızsa, qarşılığı eyni ola bilər.
“Napoli”? Onları bu qədər aşağıda görmək çox təəssüf doğurur. Ürəyimdə saxladığım iki komanda “Napoli” və “Fiorentina”dır. Mən Neapolda üç inanılmaz il yaşadım və keçən mövsüm qazandıqları qənimətdən məmnun idim, baxmayaraq ki, bu, mənə çatmadığı üçün təəssüf hissi keçirdim”, deyə Sarri vurğulayıb.
Xatırladaq ki, Mauritsio Sarri cari ilin martın 13-də 2021-ci ilin iyunundan çalışdırdığı “Latsio” ilə yollarını ayırdığı haqda açıqlama verib. Bu qərarın pərdəarxası məqamları olduğu vurğulanır.


