“Milan”ın fransalı qapıçısı Mayk Menyan A Seriyasının 21-ci turunda “Udineze” ilə səfər oyununda (2:3) yaşadığı irqçi təhqirlərdən danışıb.
Arena.az “Relevo” dərgisinə istinadən, Menyanın bu barədə sözlərini təqdim edir:
“Birinci hissədə topu qapıdan vurmaq istəyəndə ünvanıma “meymun” qışqırtıları eşitdim, amma heç qarşılıq vermədim. Sonra yenə təkrar etdilər. Dördüncü hakimə üz tutdum və baş verənləri izah etdim. Bu, birinci dəfə deyil, biz vacib ismarış, siqnal verməliyik.
Hazırda bunu edənlərlə danışmaq istəmirəm, faydası yoxdur. Mənim kimi əziyyət çəkən bütün futbolçulara kömək etmək üçün təqsirkarların cəzalandırılması gərəkdir. Cahildirlər, evdə qalmalıdırlar. Gerçək azarkeşlər stadiona azarkeşlik etmək üçün gəlirlər. Futbolda bu, olmamalıdır.
Əvvəlcə meydana qayıtmaq istəmirdim, amma klubumuz gözəldir, bizim əla komandamız var. Hamı ardımca gəldi, sonra isə biz oyunda qalib gəlmək üçün meydana çıxdıq. Üç xal qazanmaq bu vəziyyətə ən düzgün cavabdır.
Prokurorluq bu fəsadın həllinə ciddi yanaşmalıdır, çünki o bəzən hərəkətə keçmir. Bununla belə, biz futbolçular buna susmamalıyıq”, deyə Menyan bildirib.
Xatırladaq ki, fransalı qapıçı “Udineze” azarkeşlərinin ona ünvanladığı irqçi təhqirlərdən hakimə şikayət edib. Futbolçu oyunu davam etdirmək istəməyərək tribunalaraltı məkana yollansa da, komanda yoldaşları onu geri qayıtmağa razı salıblar. Oyun beş dəqiqə müddətinə dayandırılıb və sonra davam etdirilib.
FIFA da bu məsələni nəzarətinə götürüb
Yaşanmış bu biabırçılıq İtaliya mətbuatıda ciddi əks-səda doğurub. Hazırda məsələ İtaliya futbolunun səlahiyyətli dairələrində müzakirə edilir, intizam cəzalarının qaçılmaz olduğu vurğulanır. Məsələ həmçinin FIFA-nı nəzarətinə götürülüb.
Mayk Menyan PSJ-nin yetirməsidir. 2010/2011 mövsümündə Fransa nəhənginin heyətində böyük futbola qədər qoymuş Menyan, 2015-ci ilin avqustunda “Lill”ə transfer edilib. Fransalı qapıçı “Milan”a 2021-ci ilin iyulunda 15,40 milyon avro müqabilində elə, “Lill”dən keçib. Qapıçının “rossoneri” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Menyan “Milan”ın heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 31 qol buraxıb, 9 oyunda qapısının toxunulmazlığını təmin edib. Həmçinin Mayk 1 məhsuldar ötürmənin müəllifi olub.
Ümumilikdə Menyanın “rossoneri”nin heyətində statistikası belədir: 93 oyun, 90 buraxılmış qol, 38 “quru” oyun.
Menyan “Lill” və “Milan”la milli çempionatların qalibi olub (müvafiq olaraq 2020/2021 və 2021/2022 mövsümlərində).
Menyan 2020-ci ilin oktyabrında debüt etdiyi Fransa yığmasının heyətində 13 oyuna çıxıb, 7 qol buraxıb və eyni sayda oyundan quru qurtulub. Mayk Fransanın əsas yığmasına qədər U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətindən keçməklə, 10 illik yol gəlib. Mayk “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı qapıçının transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


