Mergim Berişa Bundesliqada klubunu dəyişdi – 14 milyon avroya

Futbol üzrə Almaniya milli komandasının və “Auqsburq”un hücumçusu Mergim Berişa Bundesliqada klubunu dəyişib.

Arena.az xəbər verir ki, 25 yaşlı forvard bundan sonra “Hoffenhaym”ın formasını geyinəcək.

Onun yeni klubu bu transferi 14 milyon avroya gerçəkləşdirib. Hücumçu ilə 4 illik müqavilə imzalanıb.

Mergim Berişa “Auqsburq”a Türkiyənin “Fənərbaxça” klubundan 4 milyon avro qarşılığında keçmişdi. O, Bundesliqa təmsilçisində 26 oyuna 9 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Berişa “Zalsburq”, “Liferinq”, “Altax”, “Fənərbaxça”, LASK, “Maqdeburq” kimi klubların da formasını geyinib, Almaniya yığmasında 2 oyun keçirib.

“Hoffenhaym” da bir neçə futbolçusu ilə vidalaşıb. Hücumameyilli yarımmüdafiəçi Məhəmməd Damar “Hannover”ə icarəyə verilib. Əslən türk olan 19 yaşlı futbolçu mövsümün sonuna kimi icarədə olacaq.

21 yaşlı hücumçu Fisnik Asllani də “Austriya”ya icarəyə verilib. Almaniyanın gənclərdən ibarət yığmasında çıxış edən forvard da mövsümün sonuna kimi icarədə çıxış edəcək.

“Hoffenhaym” dayaq yarımmüdafiəçisi Angelo Ştilleri də “Ştutqart”a satıb. Klub bu satışdan 5,5 milyon avro qazanıb. 22 yaşlı alman futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. “Bayern”in yetirməsi olan yarımmüdafiəçi 2021-ci ildən “Hoffenhaym”da çıxış edirdi.

“Ştutqart”ın mərkəz müdafiəçisi Klinton Mola da azad agent kimi “Ridinq”ə keçib. 22 yaşlı ingilis futbolçu ötən mövsümü icarə əsasında “Bləkbörn”də keçirib. O, İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarında da oynayıb.

Mergim Berişanı satan “Auqsburq”da da bir neçə ayrılıq qeydə alınıb. Mərkəz hücumçusu Moris Malon 2 milyon avroya “Bazel”ə satılıb. 23 yaşlı alman forvard yeni klubu ilə 4 illik anlaşıb. Mərkəz yarımmüdafiəçisi Yozo Staniç “Sankt-Qallen”ə, sağ cinah vingeri Noa Sarenren Baze isə “Arminiya”ya (Bilefeld) keçib. 24 yaşlı Staniç yeni klubu ilə 2 illik, 27 yaşlı Baze isə 1 illik müqavilə bağlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: